“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarları bu həftə ötən ilin maliyyə-təsərrüfat göstəricilərini, illik balansını və gəlirini təsdiqləmişlər. Qiymətli Kağızlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirmişlər ki, idarə heyətinin başçısı Cəmil Sultanov səhmdarların iclasında çıxış edərək demişdir ki, hesabat dövründə “Azərtlotereya” biletlərinin satışından 148,9 milyard manat gəlir daxil olmuşdur, bunların da 86,3 milyard manatı oynanılmışdır. Ötən il dövlət büdcəsinə və müxtəlif fondlara 15,4 milyard manat vəsait köçürmüşdür.
Ötən il cəmiyyətin xərcləri bütün gəlirlərin 21,1 faizini təşkil etmişdir ki, bu da 2002-ci illə müqayisədə 5 faiz azdır. “Azərlotereya”nın səmərəliliyi 2003-cü ildə 15,3 faiz, mənfəəti isə təxminən 17,079 milyard manat olmuşdur. Bu vəsaitin paylanması məsələsi müzakirə edilərkən onun “Azərlotereya”nın sərəncamında qalması qərara alınmışdır .
Cəmiyyət hesabat dövründə 59 milyon lotereya bileti satmışdır.