ÖTƏN İL BƏLƏDİYYƏLƏR ÜÇÜN DÖVLƏT BÜDCƏSİNDƏ NƏZƏRDƏ TUTULMUŞ VƏSAİTİN VERİLMƏMƏSİ MÜXTƏLİF PROBLEMLƏR YARATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və yerli özünüidarəetmə orqanlarının büdcələrinin icrası məsələləri müzakirə olunmuşdur.
Komissiyanın sədri Zahid Qaralov demişdir ki, 2003-cü ildə dövlət büdcəsindən bələdiyyələr üçün 25 milyard manat dotasiya nəzərdə tutulsa da, bunun təxminən 5 milyard manatı ünvanına çatdırılmışdır. Vəsaitin az verilməsi yerli özünüidarə orqanlarının işində müəyyən problemlər yaratmış, onlar 2003-cü il üçün hazırladıqları bir sıra layihələri yerinə yetirə bilməmişlər.
Bələdiyyə şuralarının sədrləri qeyd etmişlər ki, Maliyyə Nazirliyi və digər əlaqədar təşkilatlar yerli özünüidarə orqanlarına kreditlər ayrılması işini asanlaşdırmalı, büdcədə nəzərdə tutulmuş vəsaitləri rayon maliyyə şöbələrinə deyil, birbaşa bələdiyyələrin öz hesablarına köçürməlidirlər. Əgər bu təkliflər qəbul olunsa bələdiyyələr əhalinin yerlərdəki problemlərinin həllində mühüm addımlar ata bilərlər.
Sonda layihənin Milli Məclisin müzakirəsinə, bələdiyyə başçılarının təkliflərinin hökumətin ayrı-ayrı strukturlarına təqdim olunması qərara alınmışdır.