Ötən il Yerdə meteoroloji müşahidələr tarixində ən isti illərdən biri olmuşdur
Bakı, 22 yanvar (AZƏRTAC). Ötən il Yerdə meteoroloji müşahidələrin tarixində dörd ən isti ilin siyahısına daxil olmuşdur.
Bunu yeni tədqiqatlarının nəticələrini dərc etdirmiş, okeanın və atmosferin öyrənilməsi üzrə ABŞ-ın Milli İdarəsindən bildirmişlər.
Məlumatda deyilir ki, 2013-cü ildə Yer kürəsində orta temperatur müsbət 14,52 dərəcə olmuşdur. Bunun nəticəsində ötən il 1880-ci ildən bəri temperaturun dərəcəsinə görə dördüncü yeri tutmuşdur.
Havanın müşahidə olunmasında bir sıra digər metodlardan istifadə edən NASA bildirmişdir ki, 2013-cü il müşahidələr dövründə ən isti illərin siyahısında yeddinci olmuşdur.
ABŞ-ın kosmik idarəsinin hesablamalarına görə, ötən il Yerdə orta temperatur 14,6 dərəcə olmuşdur.
Okeanın və atmosferin öyrənilməsi üzrə ABŞ-ın Milli İdarəsi, həm də NASA qeyd etmişdir ki, tarix boyu 10 ən isti ildən doqquzu artıq hazırkı yüzilliyə düşmüşdür. Mütləq temperatur rekordu 2005-ci və 2010-cu illərin payına düşmüşdür.
XXI əsrdə orta temperatur ötən əsrlə müqayisədə 0,6 dərəcə, alimlərin temperatur göstəricilərini sistemli şəkildə qeyd etməyə başlamasından keçən 134 illik dövrlə müqayisədə isə 0,8 dərəcə artmışdır.
Qoddard adına Kosmik Tədqiqatlar Mərkəzinin aparıcı mütəxəssisi Hevin Şmidt NASA-da keçirilən mətbuat konfransında bildirmişdir ki, yeni tədqiqatlar Yerdə iqlimin davamlı dəyişməsi ilə bağlı nəticələri təsdiq edir.
Ekspertin sözlərinə görə, bu meyil uzunmüddətli perspektivdə davam edəcəkdir. Alimlər karbon qazı tullantılarının atmosferə atılması nəticəsində yaranan parnik təsirini qlobal istiləşmənin əsas səbəblərindən biri hesab edirlər.