ÖTƏN İLDƏ DÖVLƏT BÜDCƏSİNİN MƏDAXİLİ 100,2 FAİZ İCRA OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Layihə ilə bağlı məlumat verən maliyyə nazirinin müavini Heydər Əsədov demişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət 2003-cü ildə də uğurla davam etdirilmişdir. Aparılan islahatlar nəticəsində ayrı-ayrı sahələrə sərmayə qoyuluşunun həcmi, adambaşına düşən gəlirlərin miqdarı artmış, inflyasiyanın səviyyəsi sabit saxlanılmışdır.
2003-cü ildə dövlət büdcəsinin mədaxili qanunla təsdiq olunmuş 6092,0 milyard manat əvəzinə 6104,5 milyard manat və ya 100,2 faiz icra olunmuşdur. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə istehsal olunmuş ümumi daxili məhsulun 17,4 faizini təşkil etməklə, 2002-ci illə müqayisədə 2,4 bənd çoxdur.
Büdcə daxilolmalarının 67,0 faizi və ya 4089,5 milyard manatı Vergilər Nazirliyi, 17,4 faizi və ya 1061,2 milyard manatı Dövlət Gömrük Komitəsi, 0,2 faizi və ya 12,7 milyard manatı İqtisadi İnkişaf Nazirliyi tərəfindən təmin edilmiş, 15,4 faizi və ya 941,0 milyard manatı digər mənbələrdən daxil olmuşdur.
Vergi orqanlarının xətti ilə toplanmış vəsaitin 55 faizi və ya 2249,6 milyard manatı 9 iri vergi ödəyicilərinin payına düşmüşdür.
Dövlət Neft Şirkəti tərəfindən büdcəyə 1853,0 milyard manat vergi ödənilmişdir. Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə 500,0 milyard manat vəsait köçürülməklə tapşırığa tam əməl olunmuşdur.
2003-cü ildə dövlət büdcəsinin xərcləri qanunla təsdiq olunmuş 6423,0 milyard manat əvəzinə 6172,7 milyard manat və ya 96,1 faiz icra edilmişdir. Dövlət büdcəsinin xərcləri 2003-cü ildə istehsal olunmuş ümumi daxili məhsulun 17,6 faizini təşkil etmişdir. Xərclərin icrası zamanı sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə üstünlük verilməklə, vəsaitin 3397,4 milyard manatı bu istiqamətə yönəldilmişdir.
Faktiki xərclərin 1906 milyard manatı və ya 30,9 faizi əmək haqqı və əmək haqqına üstəlik xərclərə sərf olunmuşdur. Hesabat ilində dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri təsdiq olunmuş 301,4 milyard manat əvəzinə 295,8 milyard manat olmuşdur.
Ötən il qanunvericiliklə təsdiq olunmuş Azərbaycan Respublikasının daxili dövlət borcunun 550 milyard manat limiti gözlənilmişdir. Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsinə və ayrı-ayrı vacib layihələrin maliyyələşdirilməsi məqsədi ilə 2375 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə ölkənin xarici borcu 1575 milyon ABŞ dolları təşkil etmişdir. Xarici dövlət borcunun 23 faizi 5 ilə, 21 faizi 10 ilə, 3 faizi 20 ilə qədər, 53 faizi 20 ildən yuxarı olan müddətə qaytarılmalıdır.
2003-cü il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə 240,6 milyard manat vəsait cəlb edilmiş, faktiki kəsir 68,2 milyard manat olmuşdur.
Müzakirələr zamanı deputatlar ölkəmizin iqtisadiyyatının netdən asılılığının aradan qaldırılması və digər sahələrin, xüsusən də kənd təsərrüfatının inkişafına diqqət yetirilməsinin vacibliyini vurğulamışlar.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, komissiya sədrləri Eldar İbrahimov, Hadi Rəcəbli, Şahlar Əsgərov və başqaları çıxış edərək sənədlə bağlı fikirlərini söyləmişlər.
Sonda layihənin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.