ÖTƏN İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ İCLAS KEÇİRİLMİŞDİR
Komitənin sədri professor Rafiq Əliyev hesabat məruzəsində bildirmişdir ki, 2005-ci ildə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə İslam və qeyri-islam təmayüllü dini icmaların Azərbaycan hökumətinə və Dövlət Komitəsinə etimadı və inamı xeyli artmışdır.
Ötən il 25 dini icmanın qeydiyyatdan keçirildiyini diqqətə çatdıran məruzəçi müxtəlif dini cərəyanların təbliğat üsulları haqqında da ətraflı məlumat vermişdir. Bildirmişdir ki, dövlət siyasətinin həyata keçirilməsi, cəmiyyətimizdə dini dözümlülüyü, tolerantlığı daha geniş bərqərar etmək məqsədi ilə Dövlət Komitəsi ötən il respublikamızın müxtəlif bölgələrində “Dövlət-din münasibətlərinin tənzimlənməsi”, “Dövlət və din”, “Dinin cəmiyyətdə rolu” və sair mövzularda 14 seminar-müşavirə keçirmişdir. Komitənin BMT-nin İnkişaf Proqramı ilə birgə hazırladığı “Azərbaycanda AİDS-ə qarşı mübarizədə dini icmaların rolu” layihəsi keçən ildə də davam etdirilmiş, Bakıda, Bakıətrafı kənd və qəsəbələrdə, Qubada, İsmayıllıda və Gəncədə dini icma rəhbərləri və üzvlərinin iştirakı ilə bölgə seminarları keçirilmiş, təlimatlar və broşürlər hazırlanıb paylanmışdır. Layihədə nəzərdə tutulmuş çoxsaylı bukletlər Azərbaycan və rus dillərində nəşr olunaraq yayılmışdır.
Rafiq Əliyev onu da vurğulamışdır ki, 2005-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müxtəlif televiziya proqramlarında və mətbuat səhifələrində ardıcıl çıxışlar etmiş, müsahibələr vermiş, dini durum və dini təhsillə bağlı məsələləri, din sahəsində dövlət siyasətinin əsas istiqamətlərini şərh etmişlər. İl ərzində Dövlət Komitəsinin fəaliyyətini əks etdirən və hər biri 1000 nüsxədən ibarət iki bülleten nəşr etdirilib, müvafiq dövlət qurumlarına, beynəlxalq təşkilatlara göndərilmiş, dini icmalara paylanmışdır. Azərbaycan, rus və ingilis dillərində “Dövlət və din”, Azərbaycan və rus dillərində “Dinin əsasları” kitabları çap olunub yayılmışdır.
Komitə sədri cari ildə dini maarifləndirmə işlərinin genişləndirilməsinin, KİV-də təbliği xarakterli məqalələrin monitorinqini gücləndirmək kimi məsələlərə daha çox diqqət verilməsinin, regionların din sahəsində dövlət siyasətinə cəlb edilməsinin vacibliyini vurğulamışdır.
İclasda Komitənin ötənilki fəaliyyəti qənaətbəxş hesab edilmişdir.