ÖTÜSTÜ XOKKEY ÜZRƏ AZƏRBAYCAN YIĞMA KOMANDASI DÜNYA ÇEMPİONATINA HAZIRLAŞIR
Azərbaycan yığmasının rəqibləri meydan sahibləri ilə yanaşı, Şotlandiya və İrlandiya komandaları olacaqdır. Qeyd edək ki, dünya çempionatında yığmamızın rəqiblərindən biri məhz İrlandiya komandasıdır. Millimiz turnirdə ilk oyununu fevralın 13-də meydan sahiblərinə qarşı keçirəcəkdir.
Otüstü Xokkey Federasiyasının mətbuat xidmətindən bildirildiyinə görə, yarışda iştirak etməkdən əsas məqsəd aprelin 25-dən mayın 6-dək İtaliyanın paytaxtı Romada keçiriləcək qadınlar arasında dünya çempionatının qrup seçmə mərhələsinə hazırlaşmaqdır.
Həmin mərhələdə yığmamız “A” qrupunda meydan sahibləri ilə yanaşı, Yeni Zelandiya, Koreya, ABŞ və İrlandiya komandaları ilə mübarizə aparacaqdır. “B” qrupunda isə İngiltərə, Şotlandiya, Fransa, Ukrayna, Çin və Yaponiya yığmaları yer almışlar. Reqlamentə əsasən, yarışda ilk beş yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Lakin dünya çempionatına hazırlıq yalnız Durban turniri ilə yekunlaşmayacaqdır. Xokkeyçilərimiz martda daha iki turnirdə qüvvəsini sınamaq niyyətindədirlər. İlk öncə, martın 5-10-da İtaliyada beynəlxalq turnirdə iştirak etmək və ya bu ölkənin millisi ilə yoxlama oyunlarının keçirilməsi gözlənilir. Martın 24-30-da isə Bakıda beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulmuşdur. İtaliya, Rusiya, Ukrayna və Belarus artıq bu yarışda iştirak etmək istəyini bildirmişlər.