Özbəkistan Dövlət Akademik Böyük Teatrında “Lazgi” balet tamaşasının premyerası keçiriləcək
Bakı, 7 iyul, AZƏRTAC
Sentyabrın 4-də UNESCO-nun patronajlığı altında Ə.Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrında “Lazgi” balet tamaşasının premyerası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tamaşanın xoreoqrafı Berlin Milli Operası yanındakı balet məktəbinin məzunu Raul Raymondo Rebekdir. Tanınmış xoreoqraflarla işləmiş, dünyanı dolaşmış quruluşlarda çıxış etmiş Rebek 2012-ci ildən Dortmund Baletinin ştatlı xoreoqrafı, 2014-cü ildən isə “NRW Juniorballet Dortmund” kollektivinin rəhbəridir. Rebekin Cənubi Koreyanın “Universal Ballet” truppası üçün qurduğu “Bəyaz röya” birpərdəli tamaşası ötən il Astanada Avrasiya müasir rəqs festivalında maraqla qarşılandıqdan sonra “Lazgi” balet tamaşasının quruluşu ona etibar edilib.
Bu rəqsə həsr olunmuş balet tamaşası Özbəkistan rəqs ənənələrini beynəlxalq mədəni mühitdə yaymağa kömək edə bilər. Bu məqsədlə də ölkənin qeyri-maddi irsini tanıtmaq və özbək baletini məşhurlaşdırmaq üçün Avropada qastrol turnesi planlaşdırılır. Tamaşa həm də səhnələşdirildiyi teatrın daimi repertuarına daxil ediləcək.
Qeyd edək ki, 2019-cu il dekabrın 12-də UNESCO-nun Hökumətlərarası Komitəsi “Lazgi - Xarəzm rəqsi”ni Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edib. Xarəzm torpağında yaranmış “Lazgi” rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümüdür. Hazırda “Lazgi” Özbəkistanın bütün regionlarında populyardır.