Özbəkistan portalları 20 Yanvar faciəsi ilə bağlı materiallar yayıb
Daşkənd, 21 yanvar, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə kun.uz və tnews.uz portalları 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar rus dilində materiallar yayıb.
Məqalələrdə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet qoşunları Bakıya yeridilib, qocalar, qadınlar, uşaqlar da daxil olmaqla 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb.
Qeyd olunub ki, 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilib.
Hər il Azərbaycanda yanvarın 20-si Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Materiallarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd