SİYASƏT
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyəti ilə görüşüb
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak məqsədilə Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırıb. Bu ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana tarixi dövlət səfərinin əhəmiyyətini vurğulayan Prezident Şavkat Mirziyoyev səfər zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirib. Bu xüsusda, artıq bir sıra sahələr üzrə şirkətlər arasında əlaqələrin qurulması, neft və qaz sektorunda şirkətlər arasında razılaşmaların əldə edilməsi, avqustun 1-də keçirilmiş ikitərəfli Azərbaycan-Özbəkistan İqtisadi Komissiyanın iclası və onun nəticələrinin faydalı olduğu vurğulanıb. Həmçinin bu gün ilk dəfə olaraq keçirilmiş Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin tarixi üçtərəfli görüşünün ölkələrimiz üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə, eyni zamanda, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olan yüksək səviyyəli əməkdaşlıq məsələləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, o cümlədən bu ilin noyabrında Səmərqənddə Zirvə görüşünün keçirilməsinə hazırlıq işləri müzakirə edilib. Ümumilikdə ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını Prezident Şavkat Mirziyoyevin diqqətinə çatdırıb. Prezidentlərin tapşırığına uyğun olaraq, həm ikitərəfli hökumətlərarası komissiyanın nəticələrindən, həm də üçtərəfli formatda qəbul edilmiş Daşkənd Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Üçtərəfli formatda görüşün yüksək səviyyədə təşkilinə görə Özbəkistanın dövlət başçısına minnətdarlıq ifadə olunub.