Özbəkistanın təhsil işçiləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Quba, 28 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada keçirilən “İnklüziv təhsil və STEАM texnologiyaları: Beynəlxalq təcrübə və qabaqcıl təhsil modelləri” mövzusunda beynəlxalq təlim-seminarın iştirakçısı olan Özbəkistanın pedaqoji heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.
Sonra kompleksdə Özbəkistanın təhsil heyəti üçün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü mövzusunda seminar keçirilib, iştirakçılara dinləyici sertifikatları təqdim edilib.
Beynəlxalq təlim-seminar Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilir.