ORDU
Pakistan Silahlı Qüvvələrinin nümayəndələri Hərbi Akademiyada olublar
Bakı, 21 aprel, AZƏRTAC
Pakistan Milli Müdafiə Universitetinin və “Milli Təhlükəsizlik və Müharibə Kursu”nun nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev qonaqlara Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sahəsində qazanılan nailiyyətlər və bir sıra digər məsələlərə dair ətraflı məlumat verib.
Pakistan nümayəndə heyətinin rəhbəri, briqada generalı Manoçehr Kayani göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbirdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin statusu mövzularında məlumatlar verilib.
Briqada generalı M.Kayani Hərbi Akademiyanın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.