MƏDƏNİYYƏT
Pakistanda “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş olunub







Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Milli Müasir Dillər Universitetində (NUML) ölkəmizin İsveçdəki səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə lentə alınmış "Xarıbülbül əfsanəsi" sənədli filmini nümayiş etdirib.
Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, filmin nümayişindən öncə səfir Xəzər Fərhadov çıxış edərək qədim Şuşa barədə söhbət açıb və bu şəhərin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu vurğulayıb. Səfir Şuşanın “Azərbaycan musiqisinin beşiyi” olduğunu qeyd edib və 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” və 2024-cü il üçün “İslam dünyasının paytaxtı” elan edildiyini diqqətə çatdırıb.
X.Fərhadov çıxışı əsnasında “Xarıbülbül” gülündən danışaraq, həmin gülün Qarabağ ərazisində, xüsusilə Şuşa ətrafında bitdiyini ifadə edib və Qarabağın işğaldan azad olunması ilə “Xarıbülbül”ün azadlıq və zəfər rəmzinə çevrildiyini vurğulayıb.
Sonra “Xarıbülbül əfsanəsi” sənədli filmi tamaşaçıların diqqətinə təqdim olunub.
Filmin nümayişindən sonra qonaqlar Milli Müasir Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzi ilə tanış olublar və NUML-da Azərbaycanla bağlı keçirilən tədbirlərin təşkilində Mərkəzin yaxından iştirakı yüksək qiymətləndirilib.