Pakistanlı tələbə Azərbaycanda qalıb işləməyi düşünür
Xırdalan, 25 fevral, AZƏRTAC
Aişə Malik Pakistan vətəndaşıdır. Hazırda Bakı Mühəndislik Universitetində (BMU) biznes idarəçiliyi və maliyyə üzrə magistr təhsili alır. BMU-nu seçməsinin səbəbi ali məktəbin texniki və biznes elmlərini inteqrasiya etməsi, həmçinin nəzəriyyə ilə təcrübəni birləşdirməsidir.
AZƏRTAC xəbər verir ki, o, universitetin sənaye müəssisələri ilə əməkdaşlığını, tələbələrə təhsildən sonra karyera qurmaq və iş tapmaq üçün yaradılan imkanları, BMU Texnoparkının fəaliyyət göstərməsini, hakaton və müsabiqələrin keçirilməsini ali təhsil ocağının üstünlüklərindən biri kimi qeyd edir.
BMU-da əcnəbi tələbələr üçün əlverişli mühit olduğunu deyən Aişə Malik müəllimlərindən razılıqla danışır: “Professorlar xarici tələbələri təşviq edir və dəstəkləyir. Onlar tədqiqat aparmağa həvəsləndirir və tədqiqat məqalələrinin dərc olunmasına kömək edirlər. Müəllimlərimiz startap layihələrimizin ilkin versiyasını hazırlamağa yardım edir və müsabiqələrdə iştiraka yönləndirirlər”.
Aişə deyir ki, universitetdə tələbəlik həyatı maraqlı keçir. Tələbələrin bir araya gələ biləcəyi müxtəlif oyunlar, tədbirlər və klublara qatılır, bu klublarda müxtəlif problemləri müzakirə edir, yeni həll yolları tapır, yeni imkanlar axtarır.
Pakistanlı tələbənin Azərbaycan haqqında təəssüratları da müsbətdir: “Ölkənizin insanları qonaqpərvər, mehriban, səxavətli və yardımsevərdir. Azərbaycanda ənənəvilik və müasirliyin sintezi var. Mədəniyyətiniz Bakı mənzərəsindən İçərişəhərə - müasirlikdən tarixə qədər uzanır. Bu, möhtəşəm mədəniyyət deməkdir. Yeməkləriniz çox dadlıdır. Xüsusən dolma və plov”. O, gələcəkdə bacarıqları uyğun gələrsə və özünə ən yaxşı iş fürsəti tapa bilərsə, Azərbaycanda qalıb işləməyi və yaşamağı da düşünür.