İQTİSADİYYAT
“Pambıqdan geyimə dəyər zəncirinin karbonsuzlaşdırılması və iqlimə uyğunlaşdırılması” – panel müzakirə
Bakı, 12 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Pambıqdan geyimə dəyər zəncirinin karbonsuzlaşdırılması və iqlimə uyğunlaşdırılması” mövzusunda panel müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov ölkəmizdə pambıqçılıq sahəsinin davamlı inkişaf etdiyini vurğulayıb, iqlim dəyişikliyinin yaratdığı çətinliklərin aradan qaldırılması üçün elm, texnologiya və innovasiyaya əsaslanan yanaşmanın vacibliyini diqqətə çatdırıb.
Nazir müavini bildirib ki, Azərbaycan pambıq istehsalı və emalı sahəsində inkişaf strategiyası həyata keçirir və bu sahədə pambıqçılıq üzrə ixtisaslaşmış ölkələrin və beynəlxalq təşkilatların təcrübəsindən yararlanır. Xüsusilə son illər Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə birgə həyata keçirilən layihələr çərçivəsində ölkəmizdə tədqiqatlar aparılır, yeni sortların yaradılmasında nüvə texnologiyalarının tətbiqi imkanları öyrənilir. Sarvan Cəfərov elmi yanaşmaların təcrübədə tətbiqinin müsbət nəticələr verdiyini, pilot əkinlərdə tətbiq olunan iqlimə uyğun kənd təsərrüfatı təcrübələri nəticəsində məhsuldarlığın iki dəfəyədək artdığını bildirib.
Müzakirələr zamanı qeyd olunub ki, ölkəmiz pambığın emalı infrastrukturunu müasirləşdirərək daxili dəyər zəncirini gücləndirməyə çalışır. Yeni texnologiyalara qoyulan investisiyalar keyfiyyətin artırılmasına, emal gücünün inkişafına və kənd yerlərində yeni iş yerlərinin yaradılmasına xidmət edir. Rəqəmsallaşma təşəbbüsləri və güclü maliyyə dəstəyi mexanizmləri ilə birgə bu inkişaf modelləri Azərbaycanın pambıq sənayesini beynəlxalq bazarlara rəqabətqabiliyyətli məhsul çıxarması, pambıq emalı sektorunun dayanıqlı və yüksək dəyərli bir sektora çevrilməsi baxışlarını dəstəkləyir.
Panel müzakirələrdə iqlim dəyişikliyinin yaratdığı çətinliklərin minimuma endirilməsi istiqamətində beynəlxalq təcrübələr haqqında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.