İDMAN
Panamalı futbolçu: Azərbaycan çempionatında istənilən komandaya qalib gələ bilərik - MÜSAHİBƏ
Bakı, 4 sentyabr, AZƏRTAC
“Turan Tovuz” Futbol Klubunun panamalı müdafiəçisi Roderik Miller Azərbaycan Premyer Liqasının V turunda “Sabah”a 3:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra AZƏRTAC-a müsahibə verib.
Əvvəlcə sizi və komandanızı sürpriz qələbə münasibətilə təbrik edirəm. “Sabah” kimi iddialı komandanı səfər oyununda bu hesabla məğlub edəcəyinizi gözləyirdiniz?
- Təbrikə görə təşəkkür edirəm. Mən həmişə həqiqəti demişəm. Oyunlar meydanda oynanılır və qazanılır. Heç bir matç digərinə bənzəmir. Görüşün çətin keçəcəyini bilirdik. Amma IV turda evdə “Səbail”ə uduzduğumuz üçün başımızı qaldırmaq istəyirdik. Komanda bu qələbəni qazanmaq üçün psixoloji cəhətdən çox güclü idi.
Sizcə, qalib gəlməyinizdə psixoloji üstünlükdən başqa hansı amillərin rolu oldu?
- Düşünürəm ki, burada əsas rolu hər bir komanda üzvünün meydanda sonadək mübarizə aparması, konsentrasiyası və böyük əzmlə kollektiv oyun sərgiləməsi oynadı. Bu da istənilən komandanı güclü edir.
Bu mövsüm Premyer Liqada keçirdiyiniz beş oyunun üçündə qələbə qazanmısınız, ikisində isə uduzmusunuz. “Turan Tovuz” niyə hələ də sabit oyun göstərə bilmir?
- Fikrimcə, doğma meydanda “Səbail”ə məğlubiyyət olduqca ağır oldu. Həmin qarşılaşmada hamı meydanda bacardığından daha çoxunu vermək istəyirdi. Çox qəribə oyun alındı. Qol epizodları yaratdıq, oyuna nəzarət bizim tərəfimizdə idi. Maraqlıdır ki, buraxılan hər üç qol zamanı yol verdiyimiz səhvlərin üzərində məşqlərdə işləmişdik. Meydança amilini də qeyd etməliyəm. Təbii örtükdə məşq etdikdən sonra süni örtüklü meydançada oyuna çıxdıq. Düşünürəm ki, belə qəfil dəyişiklik də oyunumuza bir az təsir etdi. Amma biz evdə daha yaxşı oynamaq istəyirik. “Sabah”la matçda gücümüzü göstərdik. Bunu digər qarşılaşmalarda da təkrarlamaq istəyirik. Potensialımızın fərqindəyik və istənilən komandaya qalib gələ bilərik.
“Sabah”la oyunda qol vurmaqla, ardıcıl ikinci oyunda fərqləndiniz. Deyəsən, müdafiəçi olsanız da, bombardirlik uğrunda mübarizə aparırsınız…
- Təbii ki, ardıcıl ikinci dəfə qol vurduğum üçün çox sevincliyəm. Hesab edirəm ki, bu, karyeramda son illərdə gördüyüm işin layiqli nəticəsidir. Məqsədim inkişaf etmək və komandama mümkün qədər çox töhfə verməkdir. Ümid edirəm ki, bu müsbət xətt üzrə irəliləməyə davam edəcəyəm və hər oyunda özümü yaxşı tərəfdən göstərəcəyəm.
Bu mövsüm Premyer Liqada qarşınıza qoyulan başlıca hədəf nədən ibarətdir?
- Əsas hədəfimiz çempionatda yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Bilirik ki, buna nail olmaq xeyli çətindir, amma mümkünsüz deyil. Bu, hələ başlanğıcdır.
Ötən ilin mart ayından Azərbaycandasınız. Futbolumuz haqqında fikirləriniz necədir?
- Gəldiyim ilk gündən liqanın yaxşı olduğunu gördüm. Burada futbol oynamaq üçün yaxşı meydançalar, komandalar var. Artıq “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Kifayət qədər səviyyəli klubdur. Digər komandalar da “Qarabağ”dan geri qalmırlar. Hər bir komanda xeyli güclənib və bu, daha rəqabətli çempionatın formalaşmasına kömək edir.