Paralimpiya çempionu Vəli İsrafilov: Qələbəmi Vətənimə həsr edirəm
Bakı, 1 sentyabr, AZƏRTAC
On doqquz yaşım tamam olmamış ilk dəfə Paralimpiadada iştirak etdim və qızıl medal qazandım. Həmçinin yeni Paralimpiya rekordu müəyyənləşdirdim. Məqsədim dünya rekordunu yeniləmək idi. O isə növbəti Paralimpiadaya qaldı.
AZƏRTAC xəbər verir ki, bunu “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medal qazanan Azərbaycan üzgüçüsü Vəli İsrafilov deyib.
Paralimpiya çempionu bildirib: “İdeal nəticə göstərdim. Bu medalımı Vətənimə həsr edirəm. Biz idmançılara ideal şərait yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, V.İsrafilov Azərbaycanın ən gənc Paralimpiya çempionu kimi tarixə düşüb. İdmançımız bu uğura 18 yaş 325 günlüyündə nail olub.
Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.