İDMAN
“Pari Sen-Jermen” klubu İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verib
Bakı, 6 noyabr, AZƏRTAC
“Pari Sen-Jermen” klubu İdman Arbitraj Məhkəməsinə (İAM) apellyasiya şikayəti verib.
AZƏRTAC “Footballhd.ru” portalına istinadla xəbər verir ki, bu, maliyyə UEFA-nın “Fair-play” qaydaları əsasında kluba qarşı başlatdığı yeni araşdırma ilə bağlıdır.
UEFA-nın “Pari Sen-Jermen”ə qarşı maliyyə pozuntusu ilə bağlı ittihamları Neymarın rekord məbləğdə bu kluba transferinə və Kilian Mbappenin icarəyə götürülməsinə dair müqavilələrdən sonra başlayıb. Braziliyalı hücumçunun alışı kluba 220 milyon avroya başa gəlib. Fransalı futbolçunun “Monako”dan icarəsi üçün isə klub 180 milyon avro ödəyib.
UEFA bundan əvvəl “Pari Sen-Jermen”ə klubun xərclədiyi məbləğin qazancından çox olmaması barədə xəbərdarlıq etməsinə baxmayaraq, heç bir cəza tədbiri tətbiq etməmişdi. Sentyabrda isə UEFA parislilərin maliyyə vəziyyətini daha yaxından öyrənmək məqsədilə prosesləri yenidən bərpa edib.
Lozannada başlanan proses 2-3 ay davam edə bilər.