Paris regionunda virus əleyhinə tədbirlər görülməsinin vaxtı çatıb
Paris, 17 mart, AZƏRTAC
Paris regionunda virus əleyhinə tədbirlər görülməsinin vaxtı çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Baş nazir Jan Kasteks BFM televiziya kanalına müsahibəsində bildirib. Qeyd edib ki, Paris regionunda vəziyyət kritik və narahatedicidir. “Daha aydın desək, ölkənin digər bölgələrində görülmüş tədbirlərin Paris regionunda tətbiq edilməsi artıq masa üzərindədir”,-deyə J. Kasteks diqqətə çatdırıb.
Bu gün Müdafiə Şurası virusun yayılmasının qarşısını almaq məqsədilə Paris regionunda yenidən karantin rejimi tətbiq edilməsini nəzərdən keçirəcək. “Vətəndaşlarımız ədalətli mövqeyə çox bağlıdırlar. Bu baxımdan digər rayonlarda tətbiq olunan tədbirlərin Paris regionunda tətbiq edilməməsi üçün heç bir səbəb yoxdur. Artıq bu tədbirlərin görülməsi vaxtı çatıb”, -deyə J. Kasteks vurğulayıb.
Fransa Səhiyyə İdarəsi isə reanimasiya şöbələrində ağır vəziyyətdə olan xəstələrin sayının dayanmadan artdığını qeyd edib. Son 24 saatda reanimasiyaya 435 yeni ağır xəstə daxil olduğunu və reanimasiya şöbələrində ağır koronavirus xəstələrinin ümumi sayının 4 239 -a çatdığı qeyd edilib. Beləliklə, son 5 ayda reanimasiya şöbələrində ağır koronavirus xəstələrinin sayının rekord həddə çatdığı bildirilib. Bu həftə Paris regionundan yüzə yaxın xəstə ölkənin digər regionlarındakı xəstəxanalara transfer edilib.
Xatırladaq ki, Fransada COVID-19 epidemiyası ilə bağlı ilk karantin rejimi ötən il martın 17-də tətbiq edilmişdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris