Parisdə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirdə şəhidlərin xatirəsi yad edilib VİDEO
Paris, 25 sentyabr, AZƏRTAC
Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı və UNESCO yanındakı Daimi Nümayəndəliyinin diplomatları, eləcə də bu ölkədə yaşayan diasporun fəal üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Fəxrəddin İsmayılov və Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Cavid Abdullayev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız bir dövrün deyil, bütöv bir nəslin taleyi ilə ölçülür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi də Azərbaycan xalqının tarixində belə mühüm mərhələlərdən birinə çevrilib. Bu tarix yalnız müharibə və qələbə ilə deyil, milli iradənin, xalq birliyinin, qəhrəmanlığın və dövlətçilik əzminin nümayişi kimi yadda qalıb.
Qeyd olunub ki, uzun illər ərzində Azərbaycan öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş diplomatik fəaliyyət həyata keçirib. Ölkənin üzləşdiyi problemlər, pozulmuş hüquqlar, doğma torpaqlarından didərgin düşmüş insanların taleyi beynəlxalq platformalarda gündəmə gətirilib. Azərbaycan diplomatları illər boyu ölkənin mövqeyini izah edib, mövcud reallıqlar barədə dünya ictimaiyyətini məlumatlandırıblar. Lakin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi prosesdə yeni mərhələ açıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirib. Müharibə zamanı tətbiq olunan hərbi yanaşmalar və texnologiyalar Azərbaycanın hərbi imkanlarının yeni səviyyəsini göstərib.
Vurğulanıb ki, qələbənin mühüm amillərindən biri Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik olub. Müharibə günlərində xalqla Ordu arasında sıx həmrəylik yaranıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və strateji fəaliyyəti, Ordunun döyüş qabiliyyəti, əsgərlərin şücaəti və xalqın milli iradəsi bu prosesin əsas amilləri sırasında yer alıb. Lakin bu qələbənin arxasında ağır və unudulmaz itkilər də dayanır. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda minlərlə hərbçi həyatını itirib. Şəhidlər Vətən qarşısında ən böyük fədakarlığı göstərərək canlarını ölkəmizin gələcəyi naminə fəda ediblər. Onların hər birinin adı xalqın yaddaşında və Azərbaycanın tarixində əbədi yaşayacaq. Bu səbəbdən azad və bütöv Azərbaycan haqqında danışarkən şəhidlərin fədakarlığı heç vaxt unudulmamalıdır.
Qeyd edilib ki, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində mühüm mərhələ olub. Bununla da ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı yeni tarixi reallıq formalaşıb.
Bildirilib ki, bu gün Azərbaycan xalqı artıq yalnız öz haqq səsini dünyaya çatdırmağa çalışan xalq kimi deyil, ərazi bütövlüyünü bərpa etmiş xalq kimi çıxış edir. Bu, eyni zamanda, böyük məsuliyyət deməkdir. Çünki qələbəni qazanmaq qədər onun tarixini düzgün qorumaq və gələcək nəsillərə çatdırmaq da mühüm vəzifədir.
Azərbaycanın bugünkü reallığı bir gündə yaranmayıb. Bu nəticənin arxasında uzun illər davam edən diplomatik fəaliyyət, beynəlxalq müstəvidə aparılan mübarizə, dövlət strategiyası, Ordunun gücləndirilməsi və, ən əsası, xalqın həmrəyliyi dayanır. Bu tarixi gənc nəslə düzgün anlatmaq xüsusi əhəmiyyət daşıyır. Gələcək nəsillər bilməlidirlər ki, bu tarix Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və Vətən uğrunda göstərilən fədakarlığın tarixidir.
Tədbirin sonunda AZTV-nin hazırladığı “Yuxu kimi” filmi nümayiş olunub.