Parisdə miqrantlar olimpiya stadionu ilə bağlı etiraz aksiyasına çıxıblar
Bakı, 2 dekabr, AZƏRTAC
Paris ətrafında 2024-cü il Olimpiya Oyunlarının yarışlarını qəbul edəcək olimpiya stadionunun tikintisində iştirak edən qeyri-leqal miqrantlar etiraz aksiyasına çıxıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə actu.fr portalı məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları ölkədəki işçilərin hüquqlarının tanınmasını və onlara müvafiq işçi sənədlərinin verilməsini tələb ediblər.
Evsizlərin hüquqlarını müdafiə edən assosiasiyalar tərəfindən təşkil edilən etiraz aksiyasının iştirakçıları inşa edilən obyektin qapalı ərazisinə daxil olaraq qanunsuz fəhləlik edənləri dəstəkləyən şüarlar səsləndiriblər. Onlar ölkədəki işçilərin hüquqlarının tanınmasını və onlara müvafiq işçi sənədlərinin verilməsini tələb ediblər. “Sənəd yoxdursa, Olimpiya oyunları da olmayacaq!” - şüarlardan birində belə deyilib.
“Biz istismar maşını ilə mübarizəni əzmkarlıqla davam etdirmək niyyətindəyik, bu işdən başını salamat qurtarıb aradan çıxmaq istəyən podratçıların qarşısında təslim olmayacağıq”, - deyə portal bir neçə assosiasiyanın bəyanatından sitat gətirib. Bu assosiasiyalar artıq inşaat ərazisində oktyabrın 17-də analoji aksiya təşkil ediblər. Həmin etirazlardan sonra orada qanunsuz işləyənlərin yarısına işçi sənədlərinin verilməsi təmin edilib.
Qeyd edək ki, “Arena port de La Şapel” məhz 2024-cü il Olmpiya Oyunlarının keçirilməsi üçün Parisdə sıfırdan inşa edilən yeganə olimpiya obyektidir. Stadionda 8 min iştirakçının və 9 min izləyicinin yerləşdirilməsi nəzərdə tutulur. Obyektin gələn ilin əvvəlində təhvil verilməsi planlaşdırılır.