Parisdə Xocalı faciəsi qurbanlarının xatirəsi konsertlə anılmışdır
Paris. 22 fevral ( AZƏRTAC ). Azərbaycan həqiqətləri ilə bağlı Avropa ölkələrində müxtəlif tədbirlər keçirən Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Parisin “ San Roş “ kilsəsində Xocalı faciəsi qurbanlarının xatirəsinə həer olunan konsert təşkil edilmişdir.
Avropa-Azərbaycan Cəmiyyətinin təşkil etdiyi konsertə yer ayırdığına görə San-Roş kilsəsinin dini icmasına və iştirakçılara öz təşəkkürünü bildirən qurumun Paris ofisinin rəhbəri Eliza Pieter 1992-ci il fevral ayının 26-da baş verən Xocalı faciəsi zamanı həlak olan 613 dinc sakininin xatirəsinin cəmiyyət tərəfindən hər il anıldığını diqqətə çəkmiş, fondun az tanınan Azərbaycanı Avropada daha yaxşı tanıtmaq məqsədi daşıdığını bəyan etmişdir. E. Pieter almanlarla fransızlar arasında yaranan sülhün xalqlar arasında vacibliyini vurğulamış, bu axşam fransız bəstəkarı Pierre Thillyoun Xocalı qurbanlarına həsr etdiyi əsərinin bu kilsədə ilk dəfə səsləndiriləcəyini, bu musiqi parçasının solo skripka, solo balaban və orkestrin ifasından təşkil edildiyini, balabanın Azərbaycanın musiqi aləti olduğunu qeyd etmişdir. Fransanın tanınmış drijoru Loran Petijirandın rəhbərliyi ilə Londonun məşhur orion orkestrinin ifasında avropalı bəstəkar Edvard Elqarın, Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərləri ilə bərabər fransız bəstəkarı Pyer Tiloyun Xocalı şəhidlərinin xatirəsinə həsr etdiyi “ Xocalı-613 “ musiqi əsəri səslənmişdir. Konsertdə pianoçu Sabina Rakşiyeva və Şirzad Fətəliyev ) solo proqramı ilə çıxış etmişlər.
Konsertdə senatorlar, deputatlar, paytaxt ictimaiyyətinin nümayəndələri, universitet müəllimləri, Fransada akkreditə olunan diplomatik korpusun əməkdaşları və diasporamızın təmsilçiləri iştirak etmişlər. Konsert tamaşaçılar tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır. Törətdikləri cinayəti ört-basdır etmək, bəşəriyyətə qarşı yönələn cinayəti dünya ictimaiyyətindən gizlətmək üçün Xocalı faciəsinin anıldığı vaxtlarda fəallaşan ermənilər yenə öz bəd əməllərindən əl çəkməyərək ölkəmizə qara yaxmaq məqsədilə konsert keçirilən kilsənin qarşısında vərəqələr paylamaq niyyətləri baş tutmamış və onların cəhdlərinin qarşısı alınmışdır.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri.
Paris