Parisdəki seçki məntəqəsində yüksək fəallıq müşahidə olunur
Paris, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində yaradılan 46 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir. Yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 12:00) başlayan səsvermədə yaşı 18-ə çatmış vətəndaşlarımız Azərbaycan Respublikasının etibarli pasportu və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak edirlər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Fransada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçki məntəqəsində səsvermə prosesində yüksək fəallıq müşahidə olunur. Səsvermə Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun qaydada davam edir. Yerli vaxtla saat 11:00-a olan məlumata görə, seçicilərin 50 faizə yaxını artıq səs verib. Səsvermə seçicilərin fəal iştirakı ilə davam edir.
Seçicilər arasında ilk dəfə səs verən gənclər, eləcə də Fransada yaşayan həmvətənlərimiz var. Onlar Azərbaycanın Zəfərindən ilhamlandıqlarını və səsvermədə ilk dəfə iştirak etdikləri üçün fəxr etdiklərini bildiriblər.