PATRİK HİKEY: HEYDƏR ƏLİYEV FONDUNDAN ÇOX ZƏNGİN TƏƏSSÜRAT ALDIM
AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey aprelin 8-də Heydər Əliyev Fondunda olmuşdur.Fondun zəngin ekspozisiyaları ilə tanış olan qonaqlar ulu öndərin uşaqlıq, gənclik, təhsil illərinə aid fotoşəkillərə, sənədlərə, öz əli ilə çəkdiyi rəsmlərə, xüsusi xidmət orqanlarında, respublikaya rəhbərliyinin hər iki mərhələsində, habelə Moskvada fəaliyyətini əks etdirən eksponatlara maraqla baxmışlar.
Patrik Hikey dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və bunun əsas təməli olan iqtisadi islahatların aparılmasında, habelə elmin, mədəniyyətin, idmanın inkişafında müstəsna xidmətlərini yüksək qiymətləndirmişdir. Ümummilli liderin zəkasının bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə tanış olan qonaq, bu layihənin nəinki regionda, həm də bütün Avropada coğrafi-siyasi vəziyyətə böyük təsir göstərdiyini vurğulamışdır.
Patrik Hikey Heydər Əliyevin dünyanın nüfuzlu siyasi xadimləri, dövlət və hökumət rəhbərləri ilə görüşlərini, dünyanın müxtəlif ölkələrində onun xatirəsinə ucaldılan abidələri əks etdirən fotoşəkillərə də xüsusi maraq göstərmişdir.
Bildirilmışdır ki, Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Eyni zamanda, son iki ildə respublikanın bütün regionlarında Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, 29 uşaq evi və internat məktəbi yenidən qurulmuş, bu təhsil və tərbiyə ocaqları bütün lazımi avadanlıqla təmin edilmişdir. Elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirilmişdir. Səhiyyə sahəsində, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müalicəsinə kömək göstərilmişdir. Fondun son layihəsi olan “Hərəmiz bir ağac əkək!” çağırışı bütün ölkədə geniş əks-səda doğurmuş, qısa müddətdə 100 mindən çox ağac əkilmişdir. Fond dünyanın bir çox beynəlxalq qurumları, ictimai, qeyri-hökumət təşkilatları ilə də sıx əlaqə yaratmışdır.
Xüsusi vurğulanmışdır ki, Fondun rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həm də Azərbaycan Gimnastika Federasiyasının prezidentidir, idmanın bu növünün inkişafında böyük təşkilatçılıq işləri görülür. Onun təşəbbüsü ilə bədii gimnastika üzrə 27-ci dünya çempionatı Bakıda keçirilmişdir.
Patrik Hikey Xatirə kitabına ürək sözlərini yazmış və Fondla tanışlıqdan zəngin təəssürat aldığını bildirmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından Patrik Hikeyə xatirə hədiyyələri təqdim edilmişdir.
Fondla tanışlıq zamanı Patrik Hikeyi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər müşayiət etmişlər.