Paytaxt məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr edilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər.
Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, torpağa aid şeirlər səsləndirib və hazırladıqları fotostendləri, guşələri nümayiş etdiriblər.
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagirdlərinin soyqırımı şahidləri ilə görüşləri və “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunub.