Paytaxt məktəblərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı, 1 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar onlayn və ənənəvi tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə çatdırılıb.
Həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu günün böyük təntənə ilə yüksək səviyyədə qeyd edildiyini deyən müəllimlər azərbaycanlı uşaqların səsinin daima yüksəklərdən gəlməsini və hər zaman uğur qazanmasını arzulayıblar.
Tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bundan əlavə, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.