PAYTAXT POLİSİNİN DOQQUZ AYLIQ FƏALİYYƏTİ QƏNAƏTBƏXŞ OLMUŞDUR
BŞBPİ rəisinin müavini, polkovnik Şahmar Paşayev 2005-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş məruzəsində bildirmişdir ki, ictimai-siyasi vəziyyətin sabitliyi ilə yadda qalan ötən dövr Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində növbəti uğurlu mərhələ olmuşdur. Öz fəaliyyətində ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrini, dövlətimizin başçısı İlham Əliyevin siyasi xəttini rəhbər tutan Bakı polisi paytaxtda ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmini, şikayət və müraciətlərin vaxtında, obyektiv baxılması, pozulmuş hüquqların bərpası sahəsində görülmüş işlərin səviyyəsi artmışdır.
O, məlumat verdi ki, cinayətlərin qarşısının alınması üzrə görülmüş tədbirlər ötən dövr ərzində də cinayətkarlığın dinamikasına müsbət təsir göstərmişdir. Belə ki, qeydə alınmış cinayət hadisələrinin sayı keçən illə müqayisədə 5,8 fazi azalmış, ağır və xüsusilə ağır növ cinayətlərin artımı isə 2,1 faiz təşkil etmiş, qəsdən adam öldürmək faktlarının sayı 12,9 faiz, xuliqanlıq hallarının sayı 20,3 faiz, dələduzluqların sayı 44,7 faiz, hədə-qorxu ilə tələbetmə 41,7 faiz, eləcə də öldürməyə cəhdlərin, qəsdən sağlamlığa zərərvurma cəhdlərinin sayı azalmışdır. Doqquz ayın yekunlarına görə, paytaxtda qeydə alınmış cinayətlərin 91,2 faizinin açılması təmin olunmuş, ötən illə müqayisədə bu göstərici 1,3 faiz yaxşılaşmışdır.
Xüsusi vurğulandı ki, hesabat dövründə baş idarənin və yerli polis orqanlarının rəhbərliyi xidmətdə fərqlənən əməkdaşları mükafatlandırmaqla yanaşı, xidməti və icra intizamı qaydalarını pozan əməkdaşların cavabdehlik daşımalarını diqqətdə saxlamışdır. Mənfi motivlərə görə 32 nəfər sıravi və kiçik rəis heyəti və 18 nəfər orta rəis heyəti əməkdaşı daxili işlər orqanlarından xaric edilmiş, 32 əməkdaş nazirliyin və baş idarənin əmrləri ilə tutduqları vəzifədən azad edilərək aşağı vəzifələrə təyin olunmuşlar.
BŞBPİ-nin ayrı-ayrı idarə və şöbələrinin, rayon polis idarələrinin rəisləri qazanılan uğurlardan, yol verilmiş nöqsanlardan və qarşıda duran vəzifələrdən danışdılar.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev çıxışında bildirdi ki, paytaxtda ictimai-siyasi sabitliyin qorunmasına, əməliyyat-axtarış, istintaq, profilaktik tədbirlərin səmərəliliyinin artırılmasına nail olunmuşdur. Ötən 9 ayın göstəriciləri sübut edir ki, nəticələr qənaətbəxşdir. Bununla belə nöqsanlara yol vermiş hər bir əməkdaş bundan sonra da cəzalandırılacaq, məsuliyyət gücləndiriləcəkdir.
Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı sabitliyin davam etməsinin vacibliyini söyləyən natiq demişdir ki, əmin-amanlığı qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə edəcək asayiş keşikçiləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.
Paytaxtda qanunsuz yürüş, mitinq və piket keçirmək cəhdlərinin qarşısı alınmış və bundan sonra da ictimai asayişin pozulmasına imkan verilməyəcəkdir.
Müşavirədə vurğulanmışdır ki, proseslərə müdaxilə etmədən parlament seçkilərində vətəndaşların öz hüquq və iradələrini nümayiş etdirməsi üçün normal şəraitin yaradılması, seçki dairə və məntəqələrinin yaxınlığında ictimai asayişin nümunəvi qorunması polis əməkdaşlarının əsas vəzifələri olmalıdır.