Paytaxt sakini: Bu gün adi gün deyil...
Bakı, 10 noyabr, AZƏRTAC
Hesab edirəm ki, bu gecə adi bir gecə deyildi, heç bu gün də adi gün deyil. Obrazlı çıxsa da, şair demişkən, günlərin paytaxtı deyək bu günə. Bu möhtəşəm günün sevincini adi sözlə ifadə etmək çox çətindir. İllər ötüb keçəcək, zaman təzələnəcək və biz bu gecənin, bu günün sevincini, təkrarsızlığını uzun müddət xatırlayacağıq. Bu möhtəşəm sevinci bizə yaşatdığına görə, Azərbaycan Milli Ordusuna, xalqımızın Ümummilli Liderinin siyasi kursunun layiqli davamçısı və varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ürəkdən təşəkkür edirik.
Şəhidlər xiyabanına ziyarətə gələn paytaxt sakini Fəridə İbrahimova AZƏRTAC-ın müxbirinə bu sözləri son dərəcə böyük coşqu və sevinc hissi ilə söyləyib.
Onun dediyinə görə, bu günlər Azərbaycan tarixinə ən unudulmaz və şanlı səhifələr kimi həkk ediləcək: “Tarix həmişə yazılmır və onu hər kəs yaza bilmir. Sentyabrın 27-dən bəri bu tarixin yazılmasının canlı şahidi və iştirakçısıyıq. Bu tarixi Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları yazdılar. Onlardan biri də qaynım oğlu İsrafil idi. O, bir neçə gün bundan əvvəl Xüsusi Təyinatlıların tərkibində Laçının Səfiyan kəndinin erməni işğalçılarından təmizlənməsi əməliyyatında şəhidlik zirvəsinə ucaldı. Ona görə bu günü qeyd edərkən bu yolda canını fəda edən qəhrəman oğulların xatirəsini bir an da unutmamalıyıq. Bu gündə onlarla bərabər, indi səngərdə olan hərbçilərimizin çox böyük və əvəzsiz xidməti var. Bugünkü Qələbə günündə qardaş Türkiyə Respublikasının, ölkəmizin sərhədlərindən uzaqda yaşayan soydaşlarımızın unudulmaz və böyük payı var”.
Əslən Ağdam rayonundan olan həmsöhbətimiz fikrinin yekununda bildirib: “Bu gün bizim hamımızın bayramıdır. Onu bizə yaşadan hər kəsin önündə baş əyirəm. Qoy xalqımızın belə sevincli günləri çox olsun!”