Paytaxtda polis müvafiq icazəsi olmayan şəxsləri müəyyən edərək barələrində tədbirlər görür
Bakı, 11 aprel, AZƏRTAC
Bakıda polis əməkdaşları ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində tədbirləri davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları koronavirusun geniş yayılmasının qarşısının alınması ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmalarını tələb edirlər.
Paytaxtda hərəkət edən şəxslər polis və Daxili Qoşunların əməkdaşları tərəfindən yoxlanılır. Müvafiq icazə olmadan şəhərə çıxan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.
Polis və Daxili Qoşunların əməkdaşları vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırlar.
Qeyd edək ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim müddəti martın 31-dən aprelin 20-dək gücləndirilib. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir.
Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir.