Paytaxtda yol iştirakçılarına təhlükəsiz nəqliyyat şəraitinin yaradılması istiqamətində layihələr davam etdirilir
Bakı, 12 mart, AZƏRTAC
Bakı şəhərində istər piyadalar, istərsə də sürücülər üçün münbit nəqliyyat şəraitinin yaradılması istiqamətində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən növbəti önəmli layihə həyata keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, BNA-nın mütəxəssisləri tərəfindən Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev, Zahid Xəlilov, Əhməd Cəmil, Həsən Məcidov küçələrində əsaslı araşdırmalar aparılıb və bir sıra nəqliyyat problemləri aşkarlanıb. Bunlara Ə.Haqverdiyev və Z.Xəlilov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin nizamlanmaması, eyni zamanda, piyada intensivliyinin yüksək olması səbəbindən nəqliyyat axınına maneələrin yaranması, Z.Xəlilov və Ə.Cəmil küçələrinin şimal və cənub hissələrinin birbaşa əlaqələndirmə imkanlarının olmaması, Z.Xəlilov və Ə.Cəmil küçələrinin H.Məcidov küçəsi ilə kəsişmələrinin nizamlanmaması - kəsişən yolların eyni xarakterə malik olması və nəqliyyat vasitələrinin artan intensivliyi səbəbindən mütəmadi olaraq yol nəqliyyat hadisələrinin baş verməsi, Z.Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinə kimi olan hissəsi) universitet, institut, məktəb, yaşayış binalarının yerləşməsi və yolun nəqliyyat tələbatına uyğun olmaması səbəbindən tıxacların yaranması aiddir.
Göstərilən problemlərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanmış layihə əsasında bəzi tədbirlər həyata keçirilib. Belə ki, Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Zahid Xəlilov və Əhməd Cəmil küçələri ilə kəsişmələrində, Həsən Məcidov küçəsinin isə Z.Xəlilov və Ə.Cəmil küçələri ilə kəsişmələrində işıqfor obyektləri quraşdırılıb, nəqliyyat ləngimələrinə səbəb olduğundan və yol nəqliyyat hadisələrinin baş vermə riskini artırdığından Ə.Haqverdiyev küçəsindəki mövcud geriyə dönmə yeri ləğv edilib, Z.Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinə kimi hissəsi) hərəkət birtərəfli təşkil edilib.
Həyata keçirilmiş dəyişikliklər nəticəsində ərazidə nəqliyyat sıxlıqları aradan qaldırılıb, yol kəsişmələrində hərəkət növbəliliyi, piyadaların və nəqliyyat vasitələrinin rahatlığı və təhlükəsizliyi təmin olunub, Əhməd Cəmil və Zahid Xəlilov küçələrinin şimal və cənub hissələri əlaqələndirilib.