Paytaxtımız Yeni ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
Bakı, 1 yanvar, AZƏRTAC
2022-ci il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf salnaməsinə daha bir uğur səhifəsi kimi yazıldı. Azərbaycan ötən bir ildə beynəlxalq mövqelərini daha da gücləndirdi, siyasi-iqtisadi diqqətçəkən irəliləyişlərə nail oldu.
Vətən müharibəsində qazanılmış Zəfər siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, Azərbaycanın hərbi gücü daha da artırıldı. Bu il Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri azad edildi, Zəngilanda “Ağıllı” kənd layihəsinin birinci mərhələsi başa çatdı. İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı - Zəngilan beynəlxalq aeroportu istifadəyə verildi. Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır.
Eyni zamanda, 2022-ci il dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsi, diasporumuzun fəallığı ilə yadda qaldı. Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı ötən ilin ən mühüm hadisələrindən biri kimi tarix səhifələrinə yazıldı.
Xalqımız bu uğurlar fonunda yeni ili böyük sevinc və nikbinliklə qarşılayır. Yeni il gecəsi Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun parlaq təcəssümü oldu. Küçə və meydanlara axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraqla tamaşa etdilər.
AZƏRTAC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtımızda baş tutan bayram atəşfəşanlığından fotolar təqdim edir.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri al-əlvan bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, bayram yarmarkaları təşkil olunub.
Ötən ili xoş ovqatla yola salan xalqımız 2023-cü ilə yeni arzular və qələbələr sorağı ilə qədəm qoyur.