PAYTAXTIN ƏN GUR YERİNDƏ NƏQLİYYATIN VƏ PİYADALARIN TƏHLÜKƏSİZ HƏRƏKƏTİ ÜÇÜN ŞƏRAİT YARADILMIŞDIR
![]() |
![]() |
Prezident İlham Əliyev daha sonra paytaxtın mərkəzində, Bülbül prospekti və Nizami küçəsinin kəsişməsində yerləşən yeraltı piyada keçidinin açılışına gəldi. Buraya toplaşanlar dövlətimizin başçısını hərarətlə salamladılar.
Azərbaycan Prezidentinə məlumat verildi ki, keçidin tikintisinə 2006-cı il sentyabrın 20-də başlanmış, bu günlərdə işlər tamamlanmışdır. Uzunluğu 45 metr, eni 8 metr, hündürlüyü isə 3 metrdir. Bu keçiddə tikinti işlərini İranın “Saako” şirkəti aparmışdır. Keçidin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Opera və Balet, Gənc Tamaşaçılar teatrları tərəfə iki çıxışı vardır. Burada müasir işıqlandırma sistemi, təhlükəsizliyin təminatı üçün kameralar və yanğından mühafizə qurğuları qoyulmuşdur. Keçidin smeta dəyəri 3,3 milyon manatdır.
Dövlətimizin başçısı keçidin açılışını bildirən lenti kəsdi və yaxından tanış oldu. Bildirildi ki, inşaat işlərində əsasən yerli materiallardan istifadə olunmuş, quraşdırılan dörd eskalator isə Almaniya istehsalıdır. Çıxışlardakı işıqlandırılan ağaclar isə buraya xüsusi yaraşıq verir.
Ən gediş-gəlişli yerlərdən birində tikilmiş keçid səliqə-sahmanı, original memarlıq tərtibatı və dizaynı ilə də seçilir. İrandan gətirilmiş yüksək keyfiyyətli material üzərində döymə üsulu ilə hazırlanmış və Nizami Gəncəvinin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” poemalarına aid süjetlər keçidin yan divarlarına xüsusi gözəllik verir.
Prezident İlham Əliyev ətraf ərazidə aparılan abadlıq işləri ilə maraqlandı, gələcəkdə paytaxtda əlavə 10 yol qovşağının və 3 piyada keçidinin tikilməsi barədə tapşırıq verdi.

