Paytaxtın Xətai, Nəsimi və Binəqədi rayonlarında narkotacirlərə qarşı əməliyyatlar keçirilib VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Polis əməkdaşları Bakıda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti əməliyyatlar paytaxtın Xətai, Binəqədi və Nəsimi rayonlarında baş tutub.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat zamanı heroin, eləcə də “patı” adlanan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan Zakir Əhmədov və Qadir Nəcəfov saxlanılıblar. Onlardan satmaq məqsədilə əldə etdikləri külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.
Narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əmənov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən satmaq üçün əldə etdiyi 1 kiloqram 80 qram metamfetamin, eləcə də hazır bükümlərdə güclü təsiredici narkotik vasitə kokain və elektron tərəzi aşkarlanıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının “Papanin” adlanan ərazidə keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar. Əməliyyat zamanı paytaxt sakinləri Vüqar Orucov, Nəsimi Adıgözəlov, Mirzə Quliyev və Kamil İmanov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Faktlarla bağlı Xətai, Nəsimi və Binəqədi Rayon Polis idarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Həmin şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.