Paytaxtın Xəzər rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkar olunub
Bakı, 9 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Xəzər rayonunda Şüvəlan şəhərtipli qəsəbə, H.Məmmədov küçəsi, ev 50 ünvanında fiziki şəxs Xəlilov Fikrət Hüseynağa oğluna məxsus “Balıqçı” restoranında yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, mətbəxdə texnoloji ardıcıllığa riayət olunmadığı, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb edilib, həmçinin müəssisədə işlərin görülməsi (xidmətlərin göstərilməsi) məhdudlaşdırılıb.