“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinə qeydiyyat başlanıb
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ikinci “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsini elan edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “bp Azərbaycan”ın tərəfdaşlığı ilə təşkil edilən müsabiqənin məqsədi universitetin istedadlı və liderlik bacarığı olan tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq, universitetin idarəçiliyinə məzunların cəlb olunmasını təşviq etməkdir.
Bu müsabiqədə yalnız ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.
Müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı, “bp Azərbaycan” tərəfindən qiymətli hədiyyələr, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim ediləcək.
Müsabiqə 4 mərhələdən ibarət olacaq. Birinci mərhələdə iştirakçıların Azərbaycan və universitet haqqında bilikləri, həmçinin ümumi dünyagörüşü səviyyələri yoxlanılacaq. İkinci mərhələyə vəsiqə qazanan iştirakçıların “Məntiq”, “İnformasiya ilə iş” və “Analitik təhlil” blokları üzrə bilikləri qiymətləndiriləcək. Birinci və ikinci mərhələnin onlayn formada təşkil edilməsi nəzərdə tutulub.
İkinci mərhələdən uğurla keçən iştirakçılar isə yarımfinala vəsiqə qazanacaqlar. Bu mərhələdən əvvəl hazırlıq məqsədilə iştirakçılar üçün situasiya və təhlil, layihələrin yazılması və idarə edilməsi, təşkilati idarəetmə və komanda ilə iş, liderlik və natiqlik mövzularında təlimlərin təşkili planlaşdırılır.
Yarımfinalda iştirakçılar həm komanda ilə işə görə, həm də fərdi keyfiyyətlərinə görə qiymətləndiriləcəklər. Komanda daxilində situasiya ilə iş, mətn təhlili və layihə təqdimatı bacarıqları, fərdi şəkildə isə komanda ilə iş, natiqlik, təqdimat və özünüifadə, kreativ yanaşma və liderlik bacarıqları yoxlanılacaq.
Final mərhələsinə yüksələn iştirakçıların komanda daxilində böhranın idarə edilməsi, layihə təqdimatı və idarə edilməsi bacarıqları, fərdi şəkildə isə etik davranış və korporativ qaydalar, komanda ilə iş, natiqlik, təqdimat və özünüifadə, kreativ yanaşma və liderlik bacarıqları qiymətləndiriləcək.
Müsabiqənin yekununda 10 nəfərin qalib olması gözlənilir. Hər bir qalib 1000 manat pul mükafatı, “bp Azərbaycan”dan dəyərli hədiyyələr, mentorlarla 1 illik peşəkar inkişaf proqramı və təhsil idarəçisi olmaq şansı əldə edəcək.
Müsabiqəyə qoşulmaq üçün link vasitəsilə qeydiyyatdan keçmək mütləqdir.
Müraciətlərin qəbulu martın 5-dək davam edəcək.
Qeydiyyatdan universitet tərəfindən verilən və aktiv olan korporativ imeyl hesabınız vasitəsilə keçməyiniz mütləqdir. Müsabiqənin müəyyən mərhələlərinin “Moodle” platforması üzərindən keçirilməsi nəzərdə tutulur və hesabın aktivliyi iştirakçının məsuliyyətindədir.