Pediatriya sahəsindəki ən son nailiyyətlər və müasir müalicə metodları müzakirə edilib
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Azərbaycan Tibb Assosiasiyasının Pediatriya Dərnəyinin IX Simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən dərnəyin sədri, tibb üzrə fəlsəfə doktoru Nigar Sədiyeva mütəmadi olaraq keçirilən elmi-praktik simpoziumların və konfransların təşkilində əsas məqsədin həkimlərin ixtisas üzrə peşəkar təcrübələrinin artırılması və akademik biliklərinin təkmilləşdirilməsi olduğunu deyib. O bildirib ki, belə tədbirlərdə respublikamızın peşəkar mütəxəssisləri ilə yanaşı, digər ölkələrdən dəvət olunmuş tanınmış alimlərin iştirakı və innovativ elmi məruzələri ixtisasçı həkimlərin biliklərinin təkmilləşməsinə köməklik edir.
Simpoziumda aparıcı mütəxəssislər öz akademik təqdimatlarında pediatriya sahəsindəki ən son nailiyyətlərdən və müasir müalicə metodlarından danışıblar. Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin professoru Özgür Kasapçopurun “Uşaqlarda oynaq ağrılarına diferensial yanaşma”, “Uşaqlarda autoinflamatuar xəstəliklərin diferensial diaqnostikası (klinik nümunələr ilə)”, Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının dosenti Aysel Qəlbinurun “Anadangəlmə çəpgözlük və müalicəsi”, “Baku Medical Plaza”nın həkimi Mehriban Hüseynovanın “Yenidoğulmuşlarda sarılıqlar: uzanmış sarılığa yanaşma”, Mərkəzi Gömrük Hospitalının həkimi Telman Aytayevin “Rotavirus infeksiyaları” mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.
Simpoziumun elmi proqramı Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiyadan keçirilib. Elmi-praktik tədbirdə iştirak edənlərə Davamlı Tibbi Təhsil üzrə kredit saatlar qeyd olunmuş sertifikatlar təqdim olunub.
Qeyd edək ki, simpoziumda 250-dən çox həkim-pediatr iştirak edib.