DÜNYA
Pekin Brüssel ilə ticarət mübahisələrinin həllinə ümid edir
Bakı, 30 oktyabr, AZƏRTAC
Çin Avropa İttifaqı ilə ticarət mübahisələrinin həll olunacağına ümid edir.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Ümid edirik ki, Avropa İttifaqı Çinlə məsləhətləşmələri konstruktiv məcrada aparacaq, xoş niyyət və çeviklik nümayiş etdirəcək, ticari gərginliyi genişləndirməkdən çəkinəcək və həll yolları axtaracaq”, - deyə Lin Tzyan bildirib.
Onun sözlərinə görə, dialoq və əməkdaşlıq Pekin-Brüssel münasibətlərinin əsasını təşkil edir.
Nazirliyin nümayəndəsi, həmçinin yüksək tariflərin tətbiqini Çin və Avropa İttifaqı arasında əməkdaşlığa, avropalı istehlakçıların maraqlarına və Brüsselin yaşıl transformasiya planlarına zərər vuran proteksionizmin tipik təzahürü adlandırıb.
Qeyd edək ki, oktyabrın 29-da Avropa Komissiyası Çindən elektromobil idxalına beş il müddətinə 35,3 faizlik rüsum tətbiqi ilə bağlı qərar qəbul edib. Qərar oktyabrın 31-dən qüvvəyə minəcək.