Penitensiar Xidmət: Yeməklərin bişirilməsində məhkumlar birbaşa özləri iştirak edirlər
Bakı, 20 noyabr, AZƏRTAC
“Cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasından ibarət Umbakı penitensiar kompleksi ümumilikdə 1300 nəfərlikdir. Cəzaçəkmə müəssisənin köçürülmə məsələsi yaxın günlərdə həyata keçiriləcək. O cümlədən cəzaçəkmə müəssisənin müşayiətedici konvoy dəstəsi olacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov yeni açılmış penitensiar kompleksinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, son vaxtlar məhkumların qida təminatı, onların yaşayış məsələlərinə nəzarət gücləndirilib. Qida təminatı çeşidlərə uyğun şəkildə Nazirlər Kabinetinin qərarına uyğun olaraq təmin edilir. Milli Kulinariya Mərkəzinin peşəkar əməkdaşları məhkumlara aşpazlıq kursları keçib və yeməklərin bişirilməsində məhkumlar birbaşa özləri iştirak edirlər: “Məhkumların islah məsələsində faydalı əmək çox vacibdir. Bütün müəssisələrdə məhkumları təmin etmək üçün sexlər yaradılır, bununla bağlı sahibkarlarla danışıqlar aparılır”.