Penitensiar Xidmətdə bölgə vətəndaşlarının videoqəbulu keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiyaya qarşı qəti tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər aparılır, kütləvi tədbirlərlə yanaşı açıq qəbullar təxirə salınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ədliyyə Nazirliyi üzrə 2020-ci il 10 iyun tarixli əmrə uyğun olaraq qurumun rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov tərəfindən Xaçmaz, Gəncə, Şəki, Şirvan və İmişli regional ədliyyə idarələrinin yurisdiksiyasını əhatə edən rayonların vətəndaşları ilə videoqəbul keçirilib.
Qeyd olunan regional ədliyyə idarələri vasitəsilə əvvəlcədən qəbula yazılmış 15 vətəndaşın videokonfrans şəklində müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin videoqəbulunda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Bölgə sakinləri pandemiya şəraitində vətəndaşların müraciətlərinin dinlənilməsinin videokonfrans şəklində təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.