Peşə təhsili istiqaməti üzrə tətbiq edilən pilot layihə yekunlaşıb
Bakı, 1 iyul, AZƏRTAC
“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin hesabat görüşü keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşə agentliyin, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, pilot peşə təhsili mərkəzlərinin təmsilçiləri, pilot rayonların Məşvərət Şuralarının sədrləri, ED VET layihəsinin ekspertləri qatılıblar.
Layihə heyəti ən yaxşı təcrübə ilə bağlı məlumatları, son hesabat dövründə görülən işləri tərəfdaşları ilə bölüşüb. Həmçinin pilot peşə təhsili müəssisələrinin və layihə çərçivəsində ərsəyə gələn Məşvərət Şuralarının sədrləri ED VET layihəsi sayəsində əldə etdikləri nailiyyətlər haqqında iştirakçıları məlumatlandırıblar. Sonda müstəqil ekspertlər tərəfindən layihənin qiymətləndirilməsinin nəticələri təqdim edilib.
Xatırladaq ki, ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilib və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilib. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdan ibarət olub.