Peter Siyarto: Azərbaycandan elektrik enerjisi idxalı Avropanın enerji təhlükəsizliyini gücləndirəcək
Bakı, 17 dekabr, AZƏRTAC
Elektrik enerjisinin tədarükünə dair Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan arasında imzalanan saziş yeni enerji mənbələrinə ehtiyacı olan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto dörd ölkə arasında imzalanmış sazişi şərh edərkən deyib.
“Enerji təhlükəsizliyi siyasi deyil, fiziki məsələdir. Siyasi bəyanatlar əvəzinə real iş lazımdır. Bu gün Buxarestdə bu istiqamətdə mühüm addım atırıq”, - deyə Macarıstanın xarici işlər naziri özünün feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, burada unikal layihəyə yatırılacaq birgə investisiyalardan söhbət gedir. Azərbaycanda ekoloji cəhətdən təmiz şəkildə əldə edilən “yaşıl elektrik” min kilometrlik sualtı kabel vasitəsilə Avropaya çatdırılacaq. Peter Siyarto, həmçinin bildirib ki, Avropa İttifaqının iki üzvünün - Macarıstan və Rumıniyanın bu layihədə iştirakı qurumun maliyyə dəstəyinə ümid etməyə imkan verir.
Qeyd edək ki, Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstanın dövlət rəhbərləri tərəfindən bu gün Buxarestə imzalanan sazişə əsasən, Azərbaycandan tədarük olunacaq elektrik enerjisi Gürcüstan ərazisindən keçməklə, sualtı kabel vasitəsilə Qara dənizin dibi ilə Rumıniyaya, oradan isə Macarıstana çatdırılacaq. Budapeşt Azərbaycandan idxal olunacaq elektrik enerjisinin bir hissəsinin ölkə daxilində istifadə edilməsini, bir hissəsinin isə qonşu dövlətlərə ixracını planlaşdırır.