SİYASƏT
Petre Mamradze: Ölkəmizdə yaşayan azərbaycanlılar Azərbaycan ilə Gürcüstan arasında körpü rolunu oynayırlar
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Bu seçkilərdə (Gürcüstandakı parlament seçkiləri – red.) beynəlxalq və yerli müşahidəçilərin hansı tapşırığı yerinə yetirmələrini izləmək olduqca maraqlı idi. Onlar əvvəlcə başqa əhvali-ruhiyyədə idilər. Lakin səsvermədən sonra verdikləri bəyanatlar və hazırladıqları hesabatlar tamam başqa mənzərəni ortaya qoydu. Beynəlxalq müşahidəçilər, Gürcüstanda akkreditə olunmuş diplomatlar hər şeyi izlədilər. Seçkilərin açıq-aşkar ədalətli olduğu ortaya çıxdı və müşahidəçilər özləri də vurğuladılar ki, seçkilər ədalətli keçirildi, hakim partiya qalib gəldi və bu nəticələri heç nə dəyişməyəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Petre Mamradze söyləyib.
O deyib ki, Avropa İttifaqı ölkələrinin bəzi nümayəndələri yenə də öz çirkin niyyətlərini ortaya qoyaraq səsvermədə qanun pozuntularının olduğunu bildirirlər. Bunlar ümumi əhvali-ruhiyyəyə heç bir şəkildə töhfə verməyən, fərdi bəyanatlardır. Təbii ki, bu da Qərbin təzyiqlərinin tərkib hissəsidir.
Təbii ki, Gürcüstan hökuməti seçkilərdən sonra Qərb və ABŞ ilə münasibətlərə yenidən baxacaq, Avrointeqrasiya kursu davam etdiriləcək. Lakin buna zaman lazımdır. Onu da qeyd edim ki, Gürcüstanın milli maraqlarına zidd qanunlar qəbul olunmayacaq, addımlar atılmayacaq. Gürcü xalqının yüzilliklər boyu formalaşan mədəniyyəti, adət-ənənələri var. Bizim milli təhlükəsizliyimiz bizim üçün çox vacibdir.
Politoloq bu seçkilərdə nümayiş etdirdikləri mövqeyə, sülhə və sabitliyə səs verdiklərinə görə bu ölkədə yaşayan azərbaycanlılara da minnətdarlıq edib. Deyib ki, azərbaycanlıların bu addımı başqaları üçün örnəkdir. “Azərbaycanlılar tarixən Gürcüstanın suverenliyi, müstəqilliyi uğrunda fəal mübarizə aparıblar. Son dövrlərə baxsaq görərik ki, 1990-cı və 2000-ci illərdə ölkəmizdə baş verən hadisələr, yaranmış xaos zamanı da azərbaycanlılar bu vətənin müdafiəsində dayandılar. Bunu unutmaq və qiymətləndirməmək olmaz. “Gürcü Arzusu” hökuməti bunu yenə də layiqincə qiymətləndirəcək.
Gürcüstanda yaşayan azərbaycanlılar həm də iki ölkə arasında körpü rolunu oynayırlar. Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində onların mühüm rolu var”, – deyə P.Mamradze vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi