“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına qəbul davam edir
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu davam edir. Festival “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən olunan mədəni və yaradıcı sənayenin inkişafı, gənc istedadların dəstəklənməsi və müasir mədəni mühitin formalaşdırılması, mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, milli teatr mühitinin davamlı inkişafı kimi strateji hədəflərə xidmət edir. “Pillə” gənclərin yaradıcılıq potensialının inkişafına təkan verən, onların teatr sənətinə marağını artıran və ilk peşəkar təcrübələrini qazanmalarına şərait yaradan mühüm mədəni platformadır. ADMİU bu layihənin miqyasını genişləndirərək yaxın gələcəkdə “Pillə” festivalının beynəlxalq səviyyədə keçirilməsini hədəfləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Elçin Cəfərov deyib. O bildirib ki, “Pillə 4” festivalının bu il ümumilikdə 15-ə qədər ali təhsil müəssisəsinin tələbələrini əhatə edəcəyi gözlənilir. Təxminən 1000-dən artıq tələbənin birbaşa iştirakının nəzərdə tutulduğu festival ölkədə teatr sənətinin təbliği və ali təhsil müəssisələri arasında mədəni əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Mayın 4-dən 8-dək keçiriləcək festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadları aşkarlamaq, teatr mədəniyyətini təbliğ etmək və ali təhsil müəssisələri arasında yaradıcılıq mühiti formalaşdırmaq məqsədi daşıyır.
“Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı ikinci plan kişi rolu”, “Ən yaxşı ikinci plan qadın rolu”, “Ən yaxşı tələbə-rejissor işi”, “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə müəyyənləşdiriləcək. Digər ali təhsil müəssisələrinin təqdim etdiyi tamaşalar ADMİU tələbələrinin tamaşalarından fərqli kateqoriyada yarışacaq. Qaliblərə diplom və mükafatlar təqdim olunacaq. Festivalın tərəfdaşları Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Teatro.az sənət portalıdır. Müsabiqəyə qəbul şərtləri və müraciət forması ilə ADMİU-nun veb-saytında tanış olmaq olar”, - deyə Elçin Cəfərov qeyd edib.