“POÇT RABİTƏSİ HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞ ÜÇÜN PARLAMENTİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Poçt rabitəsi haqqında” və “Yaşayış minimumu haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə olunmuşdur.
Rabitə və informasiya texnologiyaları nazirinin poçt məsələləri üzrə müşaviri Novruz Məmmədov “Poçt rabitəsi haqqında” qanun layihəsi ilə bağlı məlumat verərkən demişdir ki, sənədin parlamentdə birinci oxunuş müzakirəsi zamanı irəli sürülən irad və təkliflər nazirlik və işçi qrupu tərəfindən bir daha araşdırılmış, sənədə dəyişikliklər və əlavələr edilmişdir. Amma bir sıra maddələrdə mübahisəli məsələlər qalmaqdadır.
Novruz Məmmədov layihənin 11-ci maddəsinin 11.4-cü bəndindəki, müddətli hərbi qulluqçuların və onların ailələrinin poçt rabitəsindən pulsuz istifadəsinə etirazını bildirmişdir. Onun sözlərinə görə təkcə bu xidmətə görə nazirlik ildə 500 milyon manat itirəcək. Ona görə də nazirlik pulsuz poçt rabitəsindən yalnız müddətli həqiqi hərbi qulluqçuların istifadə etməsini məqsədəuyğun sayır.
Müdafiə nazirliyinin, digər təşkilatların nümayəndələri və deputatlar bu təklifə öz narazılıqlarını bildirmişlər.
Maliyyə Nazirliyinin nümayəndəsi layihənin 5-ci maddəsinin 5.1.1-ci bəndinə etirazını bildirmişdir. Onun sözlərinə görə, poçt müəssisələri təsərrüfat hesabı ilə işlədikləri üçün onlara büdcədən vəsait ayrılmamalıdır.
İkinci layihəyə də münasibət bildirildikdən sonra söylənilən irad və təkliflər nəzərə alınmaqla hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.