Polimer Materialları İnstitutunda Xocalı soyqırımı qurbanları anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru professor Bəxtiyar Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsinin insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. O, xalqımıza qarşı törədilən qətliamın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.
Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqı üçün sağalmaz yara olduğunu bildirib. O, günahkarların 33 il keçsə də, beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmadığını, Xocalı şəhidlərinin qisasının 28 il sonra 44 günlük Vətən müharibəsində alındığını, Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanının yerdə qalmadığını qeyd edib. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan tamamilə təmizləndiyini, 2023-cü il oktyabrın 15-dən isə Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının dalğalandığını vurğulayıb.