Polis əməkdaşları narkomaniyanın fəsadları barədə şagirdlərin maarifləndirilməsi işini davam etdirirlər
Bakı, 2 mart, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin təşəbbüsü ilə rayon ərazisindəki 132-134 saylı təhsil kompleksində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Zərərli vərdişlərə yox deyək!” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şagirdlərlə görüşdə rayon icra hakimiyyətinin, rayon polis şöbəsinin veteranlar şurasının, ictimaiyyətin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar iştirak ediblər.
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov çıxışında bu gün bəşəriyyəti narahat edən məsələlərdən birinin narkomaniya olduğunu bildirərək, “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəlanın hər il çoxlu sayda insanın ölümünə səbəb olduğunu qeyd edib. O, Azərbaycan hökumətinin ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər gördüyünü, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərdiyini vurğulayıb.
C.Muradov narkomanlığın yayılmasına, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri - gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlamlığı üçün ciddi addımlar atmalıdırlar.
Doqquzuncu polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Elsevər Qədirov narkomanlıqla mübarizə üçün dövlət tərəfindən bütün lazımi addımların atıldığını, xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. O deyib ki, valideynlər, pedaqoji heyət, ümumilikdə gənc nəslin tərbiyəsi ilə məşğul olan hər kəs bu işə töhfə verməlidir.
Tədbirdə çıxış edənlər narkomaniyanın fəsadları haqqında gənclərə ətraflı məlumat verib, sağlam həyat tərzi keçirmələrinin əhəmiyyətini onlara izah ediblər.
Tədbirdə “Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı videoçarx nümayiş etdirilib, məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb.