İDMAN
Polis içərisində “Kardiff siti” komandasının hücumçusu olan itmiş təyyarənin axtarışını davam etdirir
![Polis içərisində “Kardiff siti” komandasının hücumçusu olan itmiş təyyarənin axtarışını davam etdirir](/files/2019/1/1200x630/1548776216220669012_1200x630.jpg)
Bakı, 29 yanvar, AZƏRTAC
Polis içərisində Uelsin “Kardiff Siti” futbol komandasının hücumçusu Emiliano Salanın olduğu itmiş təyyarənin axtarışını davam etdirir.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Fransanın “Nant” komandasından Uelsin “Kardiff Siti” komandasına keçmiş Sala bazar ertəsi axşam yeni klubunun heyətində ilk oyunda iştirak etməyə uçarkən Gernsi adası üzərində təyyarə radarlardan yoxa çıxıb.
Gernsi polisi deyib: “Biz axtarışları davam etdirəcəyik. İki təyyarə havaya qalxacaq və nə isə tapmaq ehtimalı çox olan ərazini müayinə edəcəklər”.
Xilasetmə təyyarələri və qayıqlar içərisində futbolçunun olduğu birmotorlu “Piper Malibu” təyyarəsini tapmaq ümidi ilə çərşənbə axşamı günortaya qədər dəniz səthinin 2590 kvadratkilometrdən artıq sahəsini müayinə ediblər.
Əslən Argentinadan olan 28 yaşlı hücumçu Sala keçən həftə Fransanın “Nant” komandasından “Kardiff Siti”yə keçib. Transferin məbləği təqribən 17 milyon avro olub. Cari mövsümdə Sala Fransa klubunun heyətində 12 qol vurub.
Argentinada çıxan “Clarin” qəzetində futbolçunun səsli məlumatının mətni dərc edilib. Görünür, Sala həmin məlumatı öz ailəsinə və dostlarına göndərib. Sala deyib: “Təyyarə sanki indicə parçalanacaq”.
Təyyarə Gersni adası üzərində 1525 metr yüksəklikdə uçarkən pilot yüksəkliyi azaltmaq üçün icazə istəyib. Polisin verdiyi məlumata görə, təyyarə 700 metr yüksəklikdə olarkən radarlardan yoxa çıxıb.
Polislərin sözlərinə görə, çərşənbə axşamı onlar suda bir neçə əşya görüblər, lakin həmin əşyaların itmiş təyyarəyə aid olub-olmadığını müəyyən edə bilməyiblər.
Polis daha sonra bildirib ki, təyyarədə olan insanların izləri hələ tapılmayıb və əgər təyyarə suya enibsə, həmin insanların salamat qalmaq şansı olmayıb.