Politoloq: Azərbaycan praqmatik əməkdaşlıq siyasətinə sadiqdir
Bakı, 19 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu və ölkənin regional iqtisadi mərkəz kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq qurub və bu münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bankın maliyyələşdirdiyi layihələr kənd təsərrüfatı, su təsərrüfatı, infrastruktur və regional inkişaf istiqamətlərində ölkənin sosial-iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfə verir.
“İslam bankçılığı ənənəvi maliyyə modelindən fərqli olaraq qarşılıqlı tərəfdaşlıq və layihələrin birgə uğuruna əsaslanır. Bu modeldə əsas məqsəd yüksək faiz gəliri deyil, real iqtisadi layihələrin maliyyələşdirilməsi və tərəflərin birgə qazanc əldə etməsidir. Azərbaycanın bu modeldən səmərəli istifadə etməsi ölkədə yeni investisiya imkanlarının yaranmasına şərait yaradır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində İslam İnkişaf Bankının iştirakı xüsusi əhəmiyyət daşıyır. Bankın Qarabağ bölgəsində su infrastrukturunun yaradılmasına dəstək verməsi azad edilmiş ərazilərin bərpasına beynəlxalq maliyyə institutlarının artan marağının göstəricisidir”, - deyə politoloq vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın nəqliyyat-logistika imkanlarına xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan müasir nəqliyyat infrastrukturu və əlverişli coğrafi mövqeyi sayəsində Avropa ilə Asiya arasında etibarlı tranzit mərkəzinə çevrilib. Ölkədə hökm sürən sabitlik, təhlükəsizlik və proqnozlaşdırılan iqtisadi siyasət beynəlxalq tərəfdaşların Azərbaycana marağını artıran əsas amillərdəndir. Prezident İlham Əliyevin Ermənistanı regional əməkdaşlığa qoşulmağa çağırması da Cənubi Qafqazda uzunmüddətli sülhün və iqtisadi inteqrasiyanın təmin edilməsinə xidmət edir. Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də beynəlxalq ticarət, logistika və maliyyə əməkdaşlığının mühüm iştirakçısına çevrilib. Pandemiya və qlobal böhranlar dövründə belə ölkənin tranzit imkanlarından səmərəli istifadə etməsi bunun bariz nümunəsidir.
Politoloqun sözlərinə görə, İslam İnkişaf Bankı rəhbərliyinin Azərbaycana verdiyi yüksək qiymət ölkənin etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir. Azərbaycanın inkişaf modeli, əməkdaşlıq formatı və əldə etdiyi təcrübə bu gün bir çox müsəlman ölkələri üçün nümunə kimi qiymətləndirilir.
"Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan praqmatik əməkdaşlıq siyasətinə sadiqdir. Ölkəmiz beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydaya əsaslanan münasibətləri genişləndirir, regional sabitliyin möhkəmlənməsinə və iqtisadi inkişafın sürətləndirilməsinə töhfə verir", – deyə Tofiq Abbasov vurğulayıb.
Müxbir - Səbinə Əlizadə