Polkovnik: Laçın sürətli inkişafı ilə heyrətləndirir
Bakı, 1 dekabr, AZƏRTAC
Laçının hərbi əməliyyatlarsız erməni işğalından azad edilməsi Azərbaycan dövlətinin, onun diplomatiyasının və bilavasitə Prezident İlham Əliyevin tarixi uğurudur.
AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Hərbi-siyasi ekspert qeyd edib ki, üç il əvvəl Laçının bir güllə belə atılmadan azad edilməsi yüzlərlə hərbçimizin həyatını xilas edib: “2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Laçının erməni işğalından azad edilməsi böyük diplomatik qələbə olmaqla yanaşı, yüzlərlə hərbçimizin həyatını xilas etdi.
Məlum olduğu kimi, Laçının mürəkkəb relyefə malik olması onun hərbi əməliyyatlar yolu ilə azad edilməsini ikiqat çətinləşdirirdi. Şübhəsiz ki, noyabrın 10-da imzalanan Bəyanat olmasaydı da, Azərbaycan Ordusu dağlıq və yüksək dağlıq relyefdə yerləşən bir çox yaşayış məntəqəsi kimi, Laçını da hərbi əməliyyatlar yolu ilə azad edəcəkdi. Lakin bunun itkilərsiz həyata keçirilməsi mümkün olmayacaqdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərdiyi səylər nəticəsində Laçının siyasi-diplomatik yolla azad edilməsi bu itkilərdən sığortalamış oldu. Laçının döyüşsüz azad edilməsi göstərdi ki, Azərbaycan hərbi müstəvidəki uğurlarını diplomatik müstəvidə də davam etdirir və bütün platformalarda həlledici söz sahibidir”.
Hazırda Laçında geniş quruculuq işlərinin həyata keçirildiyi barədə bəhs edən polkovnik Cəlil Xəlilov daha sonra deyib: “İşğaldan azad ediləndən dərhal sonra Laçının minalardan, müxtəlif döyüş sursatlarından təmizlənməsi prosesinə start verildi. Həmin prosesə paralel olaraq erməni işğalı dönəmində dağıdılan, viran edilən rayonun yenidən inşasına başladıldı. Qısa zaman ərzində Laçın şəhərində, eləcə də Laçının bir neçə kəndində fundamental quruculuq işləri həyata keçirildi. Artıq görülən işlər öz məntiqi nəticəsini verir. Bu gün Laçına göstərilən diqqət və dövlət qayğısı sayəsində şəhər öz müasir tikililəri, infrastrukturu, park və kommunikasiyaları ilə Avropanın qabaqcıl yaşayış məntəqələri səviyyəsinə yüksəlməkdədir. Təbiətin qoynunda yerləşən Laçında ekoloji təmiz enerji mənbələrindən istifadə edilməsi, quruculuq işlərinin təbiətlə harmoniya şəklində təşkili ölkəmizin füsunkar və dilbər guşəsinin daha da çiçəklənməsi, tərəqqi etməsi və öz ilkin gözəlliyini qorumasına xidmət edir.
Dövlət başçısı son üç il ərzində dəfələrlə Laçına səfərlər etmiş, bölgədə həyata keçirilən quruculuq prosesi ilə maraqlanmış və prosesi diqqət mərkəzində saxlamışdır. Məhz bu diqqət və qayğı sayəsində bu gün Laçında bir sıra müəssisələr fəaliyyət göstərir ki, bu da doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin məşğulluğunun yüksək səviyyədə həlli baxımından mühüm əhəmiyyətə malikdir”.
“Laçının simasının sürətlə dəyişməsi bütün dünyada böyük maraqla izlənilir. Prezident İlham Əliyev həyata keçirdiyi quruculuq siyasəti ilə bu torpaqların əsl sahibinin kim olduğunu bir daha isbat etdi. Dağlar qoynunda yerləşən bu diyarın əsl sahibi azərbaycanlılardır və onlar əbədiyyətə qədər bu torpağın gerçək sahibləri olaraq qalacaqlar”.