İDMAN
Polşada məşqçi işləyən azərbaycanlı: Rahil Məmmədov “Qarabağ”ı daha yaxşı komandaya dəyişə bilərdi
![Polşada məşqçi işləyən azərbaycanlı: Rahil Məmmədov “Qarabağ”ı daha yaxşı komandaya dəyişə bilərdi](/files/2024/1/1200x630/1706086851671924837_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
“Rahil Məmmədova Polşadakı karyerasında uğurlar arzulayıram. İnanıram ki, onun üçün hər şey yaxşı alınacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Fuad Bayramov Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun “Qarabağ”ı Polşanın LKS komandasına dəyişməsi barədə danışarkən deyib.
O, 29 yaşlı oyunçunun fiziki cəhətdən güclü olduğunu və Ekstraklasada rahat mübarizə aparacağını bildirib: “Hazırda Polşa çempionatında iştirak edən komandaların 80 faizi fiziki və atletik futbola üstünlük verir. Bu transferin yeganə mənfi tərəfi LKS klubunun turnir cədvəlində sonuncu yerdə qərarlaşmasıdır. Çünki bu amil həm Rahil, həm də komanda üçün təzyiq yarada bilər. Halbuki o, “Qarabağ” kimi komandadan Polşanın daha güclü kollektivlərindən birinə keçə bilərdi. Çünki bu ölkədə futboldan anlayışı olan hər kəs Ağdam təmsilçisini çox yaxşı tanıyır”.
Hazırda Polşada məşqçilik fəaliyyəti ilə məşğul olan F.Bayramov bir ildir “Drukaj” klubunun akademiyasında 2012 və 2015-ci il təvəllüdlü uşaqlara futbolun sirlərini öyrətdiyini söyləyib: “Altı ay əvvəl məşqçilik üzrə C kateqoriyası aldım. İndi isə B kateqoriyasını oxuyuram. May ayında kurs yekunlaşacaq. Polşada yaşamaq mənim üçün xoşdur. Özümü məşqçi kimi inkişaf etdirmək istəyirəm”.
Karyerasını erkən bitirməsinin səbəbini də açıqlayan F. Bayramov əlavə edib: “Ağır zədə aldım və əməliyyat olundum. Bundan sonra futbola qayıtmaq çətin oldu. Çünki zədələr məni yormuşdu. Fikirləşdim ki, karyeramda yeni səhifə açmağın vaxtdır. Futboldan uzaqlaşmaq istəmədim. Buna görə də məşqçilik kurslarına yazıldım”.
Qeyd edək ki, Rahil Məmmədov LKS klubu ilə 1,5 illik müqavilə imzalayıb.