Poltavada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Kiyev, 13 may, AZƏRTAC
Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib.
PİTU-nun elmi işlər üzrə prorektoru, professor Sergey Qarkuşa konfransı açaraq Heydər Əliyevin dünya tarixinə XX əsrin görkəmli dövlət və siyasi xadimi kimi daxil olmasını vurğulayıb və onu dünya miqyasında lider kimi səciyyələndirib.
Universitetin rektoru, professor Aleksey Nestulya “H.Ə.Əliyev xarizmasının tədqiqinin metodoloji aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan xalqının ümummilli liderinin xarizmatik xarakterindən danışan rektor qeyd edib ki, sovet quruluşunun dağılmasından sonra yaranmış çətin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqi qurtuluş olub.
Universitetdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzinin direktoru, fəlsəfə doktoru Yaşar Alxasovun məruzəsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafındakı roluna həsr olunub. O qeyd edib ki, müdrik siyasətçi Heydər Əliyev hələ 90-cı illərin əvvəlində Azərbaycan dilinin, mədəniyyətinin və tarixinin öyrənilməsini və təbliğini nəzərdə tutan azərbaycançılıq ideyasını irəli sürüb.
Poltavada “Azərbaycan multikulturalizmi” fənini öyrənən, Bakıda Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçısı olmuş tələbə Marina Neqoda “Azərbaycan tolerantlıq və multikulturalizm vadisidir” mövzusunda məruzə ilə çıxış edib və ölkəmiz haqqında təəssüratlarını bölüşüb.
Sonra professor İrina Petrenko və Səfər Səfərlinin Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olması barədə, professor Yelena Çernyavskaya və Ramiz Nəzərovun iki ölkənin pensiya sistemi, dosent İnna Paxomovanın və Mirsadıq Bəşirovun Azərbaycanda qastronomik turizmin inkişaf yolları haqqında məruzələri dinlənilib. PİTU-nun magistrantı Bahadur Qulamovun məruzəsində gələcək iqtisadçıların peşəkar nitqinin inkişafında Ukrayna-Azərbaycan terminoloji lüğətinin rolundan bəhs olunub.
Sonda tədbir iştirakçıları Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində nümayiş etdirilən “Heydər Əliyev Ukrayna ədəbiyyatında və mətbuatında” mövzusunda sərgi ilə tanış olublar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev